...

Kabel magistralının Azərbaycan seqmenti EPEG layihəsinə qoşulmağa hazırlaşır

Telekommunikasiya Materials 4 Oktyabr 2011 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Alcatel-Lucent" şirkəti Rusiyanın "Postelekom" operatoru tərəfindən Europe Persia Express Gateway (EPEG) layihəsi çərçivəsində optik-lif infrastrukturun yaradılması üçün telekommunikasiya avadanlıqları tədarük edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Alcatel-Lucent" şirkətinin məlumatında deyilir.

"Alcatel-Lucent" və "Postelekom" arasında əməkdaşlıq Rusiya ərazisi ilə ümumi uzunluğu 3,5 min kilometrdən çox olan yüksəksürətli 100G optik şəbəkə kanallarının təşkilini nəzərdə tutur.

Bir müddət əvvəl "Delta Telecom" şirkətinin texniki direktoru Raid Ələkbərlinin Trend-ə dediyi kimi, Rusiyanın "Postelekom" şirkəti EPEG layihəsi çərçivəsində optik-lif infrastrukturu Azərbaycan seqmenti ilə kəsişdiyi yerədək yeniləyir.

"Delta Telecom"un infrastrukturunun EPEG layihəsinə birləşməsinə dair sənəd iyunda Tehranda imzalanıb.

"Alcatel-Lucent" avadanlıqlarının quraşdırılması üzrə işlər ilin sonunadək başa çatmalıdır, dekabrda isə sınaq işlərinin tamamlanacağı gözlənilir.

EPEG kabel magistralının yaradılması üzrə konsorsiuma İranın TIC (Telecommunication Infrastructure Company), Omanın "Omantel", Rusiyanın "Rostelekom" şirkətləri və C&W beynəlxalq şirkəti (Cable&Wireless) daxildir.

EPEG kabel marşrutu başlanğıcını Omandan götürür və Frankfurtadək çəkiləcək. Gözlənildiyinə görə, kabel operatorları EPEG-in yaradılmasında iştirak etməyən 3 ölkənin ərazisindən də keçməlidir. Söhbət Azərbaycan, Polşa və Ukraynadan gedir.
Bu marşrutlar 3 dövlətdən hər birində icarəyə götürülən qurğularda təşkil ediləcək.

Avropanı Ukrayna ilə Rusiya sərhədinədək birləşdirən kabelin çəkilməsi ilə C&W şirkəti, magistral xəttin Rusiya-Ukrayna sərhədindən Azərbaycanadək və Azərbaycandan İranadək tikilməsi ilə "Rostelekom" məşğul olacaq. İrandan Fars körfəzinədək olan xəttə görə TIC şirkəti, xəttin Omanadək çatdırılmasına görə "Omantel" məsul olacaq.

EPEG kabel magistralının buraxılış qabiliyyəti 3,2 Tbit/s təşkil edəcək. Onun uzunluğu isə 6 min kilometrə çatacaq. Layihənin ilkin dəyəri təxminən 200 milyon dollar məbləğində qiymətləndirilir. Kabel magistralının 2012-ci ilin mayında işə salınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti