Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir H.Vəliyev/
"Elektron hökumət" portalına 30 dövlət qurumu qoşulub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
"Portalın rəsmi təqdimatının payızda olacağı gözlənilir", - Vəlizadə deyib.
Onun sözlərinə görə, portala qoşulan dövlət strukturları tərəfindən göstərilən elektron xidmətlərin ümumi sayı 124 ədəd təşkil edir.
"Portala qoşulan dövlət strukturlarının sayı hər gün artır və onların qoşulmasından asılı olaraq, elektron xidmətlərin siyahısı da çoxalır", - Vəlizadə qeyd edib
Nazir müavini hazırda 40 müəssisədən çoxunun istifadə etdiyi elektron imzanın verilməsi prosesinin aktivləşdiyini də vurğulayıb. Bu amil rəqəmsal imza istifadəçilərinin "Elektron hökumət" portalına çıxışını, habelə bu strukturların elektron xidmətlər göstərməsini sadələşdirir.
Elektron imzanı "Azərpoçt" MMC-nin bütün poçt filial və şəbələrində əldə etmək olar.
Dövlət və özəl müəssisələrin əhaliyə verdiyi elektron imzaların sayı 2000 ədədi ötür.