Azərbaycan, Bakı, 2 iyul /Trend/
Xalqımızın milli və mədəni irsinin qorunub saxlanmasına və inkişafına yönələn layihələrə daima dəstək olan "Nar Mobile" mobil operatorunun sponsorluğu ilə "Azerbaijan Art Festival-2013" davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və Bakı Yaradıcılıq Mərkəzinin (Baku Creative Center) təşkilatçılığı ilə keçirilən festival iyunun 4-dən iyulun 10-dək davam edəcək və qalereyaya malik rayonların ərazisini əhatə edəcək.
"Azerbaijan Arts Festival-2013" layihəsi çərçivəsində artıq Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı şəhər və rayonlarında sərgilər və ustad dərsləri keçirilib. Keçirilən sərgilərdə ümumilikdə 17 rəssamın 40-dək əsəri nümayiş olunub, o cümlədən yaradıcı potensialı olan gənclər üçün ustad dərsləri keçirilib.
Xatırladaq ki, layihənin əsas məqsədi səyyah sərgilər və ustad dərsləri sayəsində ölkənin şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri üzə çıxarmaq, onlara dəstək verməklə yanaşı, sərgilənəcək rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərini təqdim etməkdir.