Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/
Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən "Asan İmza SİM kartı" üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq, 2013-cü ilin may ayından nazirliyin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilərək fəaliyyətə başlayıb.
Trend Vergilər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, Pos-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturalarının göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə "Asan İmza"nın tətbiqinə başlanılıb.
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən istifadəçi kodu, parol, şifrdən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - "Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" və "Elektron vergi hesab-fakturasının qəbulu" elektron xidmətlərdən istifadə zamanı "Asan İmza"nın (Mobil İmza) tətbiqinə zərurət yaradır.
Qeyd olunanları nəzərə alaraq ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində "Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" və "Elektron vergi hesab-fakturasının qəbulu" üzrə elektron xidmətlərdən istifadə 1 sentyabr 2013-cü il tarixdən etibarən yalnız "Asan İmza" (Mobil İmza) vasitəsilə həyata keçiriləcək.
Ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin "Asan İmza" bölməsindən, www.asanimza.az saytından və İnternet Vergi İdarəsinin Yardım bölməsindən, habelə nazirliyin 195 nömrəli Çağrı Mərkəzinə zəng etməklə əldə etmək olar.