...

ITU: Azərbaycan İKT-nin inkişafı indeksi üzrə MDB-də dördüncü yeri tutur

Telekommunikasiya Materials 8 Oktyabr 2013 13:07 (UTC +04:00)
Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı indeksi üzrə 157 ölkə arasında 61-ci yeri tutur.
ITU: Azərbaycan İKT-nin inkişafı indeksi üzrə MDB-də dördüncü yeri tutur

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir H. Vəliyev/

Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı indeksi üzrə 157 ölkə arasında 61-ci yeri tutur.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) himayəsi altında hazırlanmış 2013-cü il üzrə "İnformasiya cəmiyyətinin ölçülməsi" adlı məruzəsində deyilir.

Məruzənin məlumatları yeni texnologiyalara çıxışın səviyyəsinə, onların istifadəsinə və İKT sahəsində biliklərə əsaslanır.

Məruzəyə əsasən, ilk 30 yeri yüksək gəlir səviyyəsi olan ölkələr tutur ki, bu da İKT sahəsində gəlirlər və tərəqqi arasında möhkəm qarşılıqlı əlaqədən xəbər verir. Rusiya bu siyahıda 40-cı, Belarus 41-ci, Moldova 65-ci, Ukrayna 68-ci, Gürcüstan 71-ci və Ermənistan 74-cüdür.

Məruzə müəllifləri diqqəti ona yönəldirlər ki, hazırda smartfon və planşetlərdən istifadə etməklə mobil genişzolaqlı rabitə dünya bazarının tezartan seqmentinə çevrildi. Həmçinin qeyd edilir ki, ümumilikdə bütün dünyada İKT məhsul və xidmətlərinə tələbat daim artır, mobil və genişzolaqlı rabitə xidməti qiymətləri mütəmadi azalır, həmçinin 3G texnologiyasının tətbiqi heç vaxt olmadığı qədər artır.

ITU ekspertlərinin məruzəsinə əsasən, son il ərzində 250 milyondan çox insan internetə qoşulub. 2013-cü ilin sonuna Yer kürəsi əhalisinin təqribən 40 faizi internetdən istifadə edəcək. Koreya Respublikası İKT-nin inkişafı sahəsində ardıcıl olaraq üçüncü dəfə liderdir. Onu İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç izləyir. Qabaqcıl 10 ölkə sırasına Niderland, Böyük Britaniya, Lüksemburq və Honkonq (Çin) da daxildir.

Məruzəyə görə, 2013-cü ilin sonuna ümumilikdə 6,8 milyard mobil rabitə istifadəçisi olacaq ki, bu da planet əhalisinin sayına bərabərdir. İnternetə 2,7 milyard nəfər qoşulacaq.

Sənəddə, həmçinin "daha dinamik ölkələr" qrupu qeyd edilib. Həmin ölkələrdə son 12 ayda İKT-nin inkişafı üzrə reytinqdə orta səviyyəni üstələyən nəzərəçarpacaq dəyişikliklər göstərilib. Belə ölkələr sırasına (daha çox uğur qazanmış ölkələrdən başlayaraq) Birləşmiş Ərəb Əmirlikləri, Livan, Barbados, Seyşel adaları, Belarus, Kosta-Rika, Monqolustan, Zambiya, Avstraliya, Banqladeş, Oman və Zimbabve daxildir.

Məruzə müəllifləri qeyd edirlər ki, son 10 ildə inkişaf etməkdə olan ölkələrdə İKT-nin tətbiqi üzrə səylərə baxmayaraq, onlar və inkişaf etmiş dövlətlər arasına "rəqəmsal fərq" saxlanılır.

2013-cü ilin sonuna 1,1 milyard ailənin və ya 4,4 milyard nəfərin internetə çıxışı olmayacaq. İnternetə çıxış səviyyəsi ən aşağı olan ölkələrdə 2,4 milyard nəfər və ya dünya əhalisinin üçdə biri yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti