...

Azərbaycanda 2 mindən çox dövlət müəssisəsi illik xüsusi hesabat formasını elektron xidmət vasitəsilə təqdim edib

Telekommunikasiya Materials 19 Avqust 2014 12:31 (UTC +04:00)
2014-cü ilin ilk 6 ayında Azərbaycanda 2080-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib.
Azərbaycanda 2 mindən çox dövlət müəssisəsi illik xüsusi hesabat formasını elektron xidmət vasitəsilə təqdim edib

Azərbaycan, Bakı, 19 avqust /Trend/

2014-cü ilin ilk 6 ayında Azərbaycanda 2080-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dövlət əmlakı idarəçiliyi sahəsində elektron xidmətlərlə bərabər, müasir yanaşma və üsulların, optimal və şəffaf idarəetmə metodlarının tətbiqi ilə bağlı tədbirlər də həyata keçirilir. Müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, bu sahədə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması təmin edilir. Bu proseslər həyata keçirilərkən bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir, proseslərə beynəlxalq məsləhətçilər cəlb edilir. Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində tədbirlər görülür. Beynəlxalq ekspertlər tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı qiymətləndirmələr aparılır, hesabatlar və fəaliyyət planları tərtib edilir, tövsiyələr və təkliflər hazırlanır.

Dövlət müəssisə və təşkilatlarında dövlət əmlakından səmərəli istifadə olunması və qorunub saxlanılması ilə əlaqədar müasir üsullarla monitorinqlər keçirilir. Müəssisə və təşkilatların özəlləşdirmə vəziyyəti və perspektivləri, özəlləşmədən sonrakı fəaliyyəti, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti və cari ilin proqnozları ilə bağlı məlumatlar təhlil edilir. Belə məlumatlar ümumiləşdirilir, onların əsasında statistik və qrafik məlumatlar hazırlanır. Dövlət əmlakının qorunub saxlanılması, səmərəli istifadəsi, yerləşdikləri torpaq sahələrindən hüquqi əsas olmadan istifadə hallarının qarşısının alınması istiqamətində məsələlər daim nəzarətdə saxlanılır. Bu məqsədlə komitə tərəfindən müasir tələblərə cavab nəzarət mexanizmləri tətbiq edilir. Müəssisələrin registr məlumatları, xüsusi hesabat formaları, illik balans hesabatları və digər məlumatlar əldə edilərək zəruri təsərrüfat-maliyyə göstəriciləri müəyyənləşdirilir. Onların müqayisəli təhlili aparılır və vahid məlumat bazasının formalaşdırılması istiqamətində işlər həyata keçirilir.

Cari ilin ilk 6 ayı ərzində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinə dair 200-ə yaxın monitorinq keçirilib. 256 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 180-ə yaxını illik balans hesabatlarını təqdim ediblər. 243 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətindən əmlakın inventarizasiya aktları qəbul olunub.

Komitənin həyata keçirdiyi elektron xidmətlər və müasirləşdirmə tədbirləri dövlət əmlakının özəlləşdirilməsi sahəsini də əhatə edib. Bu sahədə şəffaflığın və operativliyin artırılması məqsədilə ardıcıl və fəal işlər həyata keçirilir. Dövlət əmlakının özəlləşdirilməsi prosesinin elektronlaşdırılması istiqamətində atılmış mühüm addım özəlləşdirmə ilə bağlı hərraclarda elektron xidmətlərin tətbiqidir. Belə ki, artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulu elektron qaydada həyata keçirilir. Tətbiq edilən müasir yanaşmaların və elektron xidmətlərin mahiyyəti dövlət əmlakının özəlləşdirilməsi prosesini tədricən elektronlaşdırmaq, vətəndaş-məmur ünsiyyətini maksimum azaltmaqdır. Bu isə nəticədə şəffaflığın yüksəlməsini, korrupsiya və digər neqativ halların qarşısının alınmasını təmin edir.

Komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclara aiddir. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlər elektron qaydada verilir.

Ümumilikdə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak üçün indiyədək 150-ə yaxın sifariş elektron şəkildə qəbul edilib, 300-ə yaxın əmlak elektron sifarişlər əsasında özəlləşdirilib.

Bununla yanaşı, komitə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramının icrası, bu sahədə hüquqi təkmilləşdirmə və maarifləndirmə istiqamətində ardıcıl tədbirləri davam etdirir. Özəlləşdirmə prosesinin stimullaşdırılması və sürətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Komitənin ötən il təsdiq olunmuş 2013-2017-ci illər üzrə Beşillik Strategiya Planında bununla bağlı tədbirlər nəzərdə tutulub.

Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı ətraflı təhlillər aparılır. Müəssisələrin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi üçün investisiyaların cəlb edilməsi məqsədilə addımlar atılır. Dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi işi təkmilləşdirilir.

2006-2014-cü illər ərzində 65 dövlət müəssisəsinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi təmin edilib. Qeyd olunan dövrdə investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə 600 milyon manata yaxın investisiya qoyulub. Belə müəssisələrdə 8500-dən çox iş yeri açılıb.

Şəffaflıq və ictimai agahlığın təmin edilməsi məqsədilə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar, investisiya müsabiqələri, onların nəticələrinə dair məlumatlar komitənin mətbu orqanı "Mülkiyyət" qəzetində dərc edilir. Eyni zamanda, bu məlumatlar komitənin rəsmi internet səhifəsində də yerləşdirilir. Həmçinin, müəssisələrin iqtisadi, texniki və maliyyə-təsərrüfat göstəriciləri, onların illik hesabatları "Mülkiyyət" qəzetində dərc olunur.

Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi, kiçik dövlət müəssisələri və obyektlərinin, yarımçıq tikililərin özəlləşdirilməsi ilə bağlı görülən işlər sürətləndirilir. İcarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə icarə haqqı borclarının büdcəyə vaxtında ödənilməsi istiqamətində davamlı tədbirlər görülür.

Bu il ərzində 400-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. 310-a yaxın qeyri-yaşayış sahəsi və 250-dən çox torpaq sahəsi icarəyə verilib. 300-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

Özəlləşdirilmənin təşkili zamanı şəffaflığının artırılması, əhalinin bütün təbəqələrinin özəlləşdirmədə iştirakı üçün bərabər şəraitin yaradılması ilə əlaqədar lazımi işlər həyata keçirilir. Dövlət torpaqlarından qanunsuz istifadənin qarşısının alınması, müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma, quraşdırma işlərinin aparılması və digər neqativ halların baş verməməsi məqsədilə nəzarət-yoxlama tədbirləri icra olunur.

Qeyd olunan bütün tədbirlər səmərəli, şəffaf və optimal əmlak idarəçiliyinin təmin edilməsi, şəffaf və sürətli özəlləşdirmə prosesinin həyata keçirilməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti