Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatoru Azərbaycanda mobil rabitə xidmətləri göstərmək məqsədilə özünün şəbəkə infrastrukturunu işə salması üçün hələ geniş imkanlara malik deyil. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, NMR-in Nazirlər Kabinetinin qərarına əsasən, şirkət Muxtar Respublikanın ərazisində IV nəsil şəbəkəsinin (4G) işə salınması üçün lisenziya alıb.
Şirkətin şəbəkəsi CDMA standartına əsaslanır. Hazırda operator yeni rabitə standartına (GSM) keçməyə hazırlaşır.
Ə.Abbasov deyib ki, operator mobil rabitə xidmətlərini əsasən NMR-in ərazisində göstərəcək: "Buna baxmayaraq, tezliklə daxili rouminq məsələsinin həlli gözlənilir ki, bu da "Naxtel" şirkətinə Azərbaycanın bütün ərazisi üzrə fəaliyyətini genişləndirməyə imkan verəcək".