Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Hər zaman müxtəlif sosial aksiyalar və fərqli xeyriyyə fləşmobları ilə yadda qalan "Azerfon" şirkətinin rəhbərliyi 2014-cü ilin yayında dünyada geniş vüsət almış "Buzlu su" (Ice Bucket Challenge) kampaniyasına qoşulmaq qərarına gəlib.
Şirkətdən Trend-ə verilən məlumat görə, kampaniyaya əsasən, iştirakçılar ictimai diqqəti amyotrofik lateral skleroz (ALS) xəstəliyinə yönəltmək məqsədilə bir vedrə buzlu suyu öz başlarına tökərək ALS xəstələrinə maddi dəstək verdiklərini ifadə edir və ya başqalarının bu yardım kampaniyasına qoşulmalarını təşviq edirlər. Belə ki, şirkət rəhbərliyi bir ənənəyə çevrilən bu yardım və maarifləndirmə aksiyasına qatılmaqla ALS xəstələrinin beynəlxalq assosiasiyasına öz dəstəyini ifadə etmiş oldu və "Azercell" ilə "Bakcell" rəhbərliklərini də bu aksiyaya qoşulmağa dəvət etdi.
Qeyd edək ki, amyotrofik lateral skleroz xəstəliyi mərkəzi sinir sistemindəki ilik sapının olduğu nahiyədə onurğa neyron, yəni sinir hüceyrələrinin itkisi səbəbindən yaranan çarəsiz bir xəstəlikdir. Əzələlərin iflic olmasına gətirib çıxaran bu xəstəliyə nadir hallarda rast gəlinsə də, onun ölümlə nəticələnə bilən fəsadları olduqca ağırdır.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və onların rəğbətini qazanıb. Mobil operator münasib danışıq tarifləri ilə yanaşı, müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouminq təklifləri ilə abunəçilərin etimadını doğruldub.