Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
2014-cü il ərzində 2200-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması elektron xidmət vasitəsilə təqdim edilib. Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov "Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər" mövzusunda keçirilmiş ictimai təqdimatda deyib.
Onun sözlərinə görə, ümumilikdə ilin əvvəlindən təqribən 6000 müəssisə illik hesabatı təqdim edib: "Dövlət Komitəsi 2012-ci ildə vətəndaşlara və hüquqi şəxslərə yalnız 4 elektron xidmət təqdim etdiyi halda, hazırda onların sayı 29-dək (25 interaktiv və 4 informativ xidmət) artıb. Bütün xidmətlər "Elektron hökumət" portalında və komitənin ötən il yeni versiyada təqdim edilmiş saytında yerləşdirilib".
Sədr müavini qeyd edib ki, portalda, həmçinin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 6 interaktiv xidmət təqdim olunub. Onlar arasında nəqliyyat vasitələrinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət qurumları və obyektlərin, yarımçıq tikililərin və digərlərinin özəlləşdirilməsi üzrə hərraclarda iştirak üçün ərizələrin qəbulu ilə bağlı xidmətlər var.
Dövlət əmlakının özəlləşdirilməsi məsələsinə gəlincə, R.Şahbazov deyib ki, bu proses bazar iqtisadiyyatına keçidlə bağlı Azərbaycanda reallaşdırılan ən vacib iqtisadi islahatlardan oldu.
Onun sözlərinə görə, indiyədək elektron xidmətlər vasitəsilə 90 mindən çox müraciət daxil olub.