...

İTİDF-nin Müşahidə Şurası maliyyələşdirilən layihələrin mərhələli yoxlama və monitorinqi qaydalarını təsdiq edib

Telekommunikasiya Materials 10 Oktyabr 2014 17:01 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İTİDF-nin Müşahidə Şurası maliyyələşdirilən layihələrin mərhələli yoxlama və monitorinqi qaydalarını təsdiq edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilmiş tədbirdə fond tərəfindən qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişikliklərin edilməsi, qrant müsabiqələri nəticəsində maliyyələşdirilən layihələrin və güzəştli kredit vasitəsi ilə maliyyələşdirilən layihələrin icrasının yoxlanması və monitorinqinin aparılması məsələləri müzakirə edilib.

İclasda fondun direktor müavini Azər Bayramov bildirib ki, birinci qrant müsabiqəsi nəticəsində əldə edilmiş təcrübə əsasında bəlli olub ki, layihələrin yalnız elektron formada qəbul edilməsi və onların elektron imza ilə təsdiq edilməsi daha məqsədə uyğundur: "Hazırda fonda təqdim edilən layihələrin elektron imza ilə təsdiq edilməsi ilə bağlı təklif nazirliyin kollegiyasına təqdim edilib və müsbət rəy alındığı halda bu komponent fondun istifadə etdiyi sistemə əlavə ediləcək. Birinci qrant müsabiqəsi çərçivəsində aparılan iş prosesi göstərib ki, layihələrin yalnız elektron variantda göndərilməsi yaxşıdır, istisna hallar kimi texniki problemlərin olması qəbul edilə bilər".

Bununla yanaşı, qərara alınıb ki, biznes plan daha sadələşdirilmiş şəkildə 1 formada təqdim edilsin. Xarici ekspertlərin qiymətləndirilməsini tələb edən iri qrant layihələrin xarici dillərə tərcüməsi fond tərəfindən təmin edilməlidir.

Sonda Müşahidə Şurası qrant vəsaiti və ya güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən İT layihələrin icrasının yoxlanılması və monitorinqlərin keçirilməsi və qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişiklikləri təsdiq edib.

Belə ki, üç mərhələdə maliyyələşdirilən layihələrin sahibləri, hər bir mərhələ bitdikdə fonda hesabat təqdim etməlidirlər və fond yerində yoxlamalar keçirərək layihə icra planına uyğun olduğu halda maliyyələşdirməni davam etməsi haqqında qərar qəbul edəcək.

Layihələrin icrası başa çatdıqdan sonra onların nə dərəcədə effektiv olması ilə bağlı monitorinqlər keçiriləcək və həqiqətən də İKT bazarında canlanmaya səbəb olan uğurlu layihələrin müəlliflərinə gələcəkdə də fond tərəfindən maliyyə yardımının göstərilməsi mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti