Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Bakıda keçirilən 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgisində uğurla iştirak edib.
3 gün davam edən sərgidə nümayiş olunan "Bakcell" stendi və təşkil olunan müsabiqə, sorğu və s. tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bununla yanaşı, "Bakcell"də hazırda mövcud olan 14 vakansiya barədə məlumat verilib, eyni zamanda, stendin ziyarətçiləri arasında müsabiqə keçirilib. Müsabiqədə "Bakcell"in həyata keçirdiyi layihələr, əmək qanunvericiliyi, kadrların idarə olunması və s. ilə bağlı suallara cavab verən 24 sərgi iştirakçıya xüsusi hədiyyələr təqdim olunub.
Sərgi zamanı şirkətin təqdim etdiyi vakansiyalara 300-dən artıq müraciət daxil olub. Hazırda elan olunmuş vakansiyalara uyğun gələn müraciətlərə "Bakcell"in insan resursları şöbəsi tərəfindən baxılır.
Sərgi iştirakçıları arasında keçirilənnn məşğulluq sorğusunda 200-dən çox ziyatərçi iştirak edib və "Bakcell"də işəgötürmə prosesi, özlərinin əməkhaqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə və s. ilə bağlı sualları cavablandırıblar.
Müxtəlif sərgilər zamanı həyata keçirilən bu cür sorğuların nəticələri təhlil olunaraq şirkətin işə qəbul prosesinin təkmilləşdirilməsi üçün istifadə olunur.
Qeyd edək ki, "Təhsil" və "Karyera" sərgiləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə tədbirdir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və "Caspian Event Organisers" (CEO) şirkətləridir.
Bakcell şirkəti Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirir. "Bakcell"in "Smart Start" adlı təcrübə bu proqramı bu yaxınlarda uğurla başa çatıb.