Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.
Görüşdə Ə.Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib. Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqınqda da fikirlərini paylaşıb.
S.Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. Xüsusən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin təsis edilməsinin də maraq doğurduğunu dilə gətirib. Hər iki ölkənin İKT şirkətlərinin daxili bazarlarda iştirakının gücləndirilməsinə də diqqət çəkən qonaq "BakuTel-2015" sərgi-konfransı çərçivəsində III "Belarus-Azərbaycan İKT Forumu"nun təşkilinin vacibliyindən söz açıb.
Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə, keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb. Eyni zamanda, maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.