...

Azərbaycan informasiya təhlükəsizliyi sahəsində mövqeyini möhkəmləndirir

Telekommunikasiya Materials 6 Aprel 2015 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "First" beynəlxalq təşkilatına üzv seçilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünya ölkələrinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdırmaq məqsədilə yaradılan "First" beynəlxalq təşkilatı kompüter təhlükəsizlik insidentlərinin həlli istiqamətində fəaliyyət göstərir.

Bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsnə imkan yaradacaq. Belə ki, təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərin qlobal həll yolunun tapılmasını asanlaşdırır və sürətləndirir.

"First" hər il müxtəlif ölkələrdə kompüter insidentlərinin işlənməsi mövzusunda konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır.

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi ilə əlaqədar "First"ə üzv qurumların hər il müntəzəm olaraq forumu təşkil olunur ki, burada yalnız üzvlərə iştirak hüququ verilir.

Bundan əlavə, bu beynəlxalq quruma üzvlük informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti