...

Nazir: Azərbaycan İsrailin yüksək texnologiyalar üzrə təcrübəsindən istifadə etmək istəyir

Telekommunikasiya Materials 6 Avqust 2015 17:59 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İsrail ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.
Nazir: Azərbaycan İsrailin yüksək texnologiyalar üzrə təcrübəsindən istifadə etmək istəyir

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran İsrail ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazla görüşüb.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq davam etdirilən əlaqələrdən söz açan nazir ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu bildirib.

Xüsusən İsrail-Azərbaycan əməkdaşlığında yüksək texnologiyaların vacib istiqamət olduğunu nəzərə çatdıran Ə.Abbasov İsrailin bu sahədə aparıcı dövlətlərdən olduğunu, onun zəngin təcrübəsindən Azərbaycanın da yararlana biləcəyini vurğulayıb.

Daha sonra diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsinə verdiyi töhfəyə və göstərdiyi xidmətlərə görə səfirə təşəkkürünü bildirən Ə.Abbasov diplomata gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində, R.Harpaz İsrail ilə Azərbaycan arasında uğurla davam edən əlaqələrin hər iki tərəfdə razılıq yaratdığını, bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini diqqətə çatdırıb.

Əməkdaşlığın genişləndirilməsində "BakuTel" Beynəlxalq sərgi-konfransının rolunu da xüsusi vurğulayan R.Harpaz sonuncu sərgidə İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunduğunu xatırladıb, cari ildə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan-İsrail Ticarət Palatasının birgə təşkil edəcəyi "İsrail-Azərbaycan Startaplar Forumu"nun uğurlu keçməsinə lazımi dəstəyin göstəriləcəyini deyib.

Səfir əməkdaşlığın bundan sonra da bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində dostluq və etimad müstəvisində davam etdiriləcəyinə əminliyini ifadə edib.

Diplomatik xidməti zamanı əlaqələrin inkişafına verdiyi dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını da ifadə edən səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti