Bakı. Trend:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) telekommunikasiya sahəsində apardığı islahatların nəticəsi olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) cari ilin sentyabrın 1-dən internet və İPTV xidmətləri üzrə “öncədən ödəmə” sisteminin tətbiqinə başlayır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bundan sonra, BTRİB-in təqdim etdiyi internet və İPTV xidmətlərdən istifadə edən abunəçilərin debitor borcu yaranmayacaq.
Belə ki, əvvəllər istifadəçilər göstərilən xidmətlərə görə sonradan ödəniş etdiyi üçün debitor borcu yaranırdı. Bəzi hallarda xidmətlərdən istifadə edən abunəçilər xidmət haqqını ödəməkdən yayınırdılar. Nəticədə abunəçiyə göstərilən xidmət dayandırılırdı. İndi isə, “Öncədən ödəmə” sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alacaq və göstərilən xidmətdə fasilə yaranmayacaq.
Bu da müxtəlif səbəblərdən ünvanı tərk edən və ya xidmət haqqını ödəyə bilməyən istifadəçilərin borclanması kimi problemləri aradan qaldıracaq.
Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin təqdim etdiyi telefon və internet xidmətləri üzrə aylıq abunə haqları üzrə onlayn və ödəmə terminalları vasitəsi ilə ödəniş etmək mümkündür.