Aztelekom İstehsalat Birliyi regionlarda NGN (Next Generation Network) texnologiyasının tətbiqinə başlayacaq. Trend agentliyinin məlumatına əsasən, bu məqsədlə müəssisə Şamaxıda yeni texnologiyanın tətbiqi üzrə pilot layihəsi gerçəkləşdirir.
Şamaxının mərkəzi rayon və yaşayış məntəqələrində pilot NGN şəbəkəsinin yaradılması haqqında tender elan olunub. Maraqlanan şəxslər öz təkliflərini 2006-cı ilin mayın 29-dan gec olmayaraq təqdim etməlidir. Təkliflərə mayın 30-da Şamaxı Telekommunikasiya Qovşağında baxılacaq.
Qeyd etmək lazımdır ki, Bakıda bu texnologiya Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ötən il 598 və 510 indeksləri ilə abonentlərə təqdim olunub. O zaman layihənin icraçısı Çinin Huawei şirkəti idi.
NGN nitq, görüntü və məlumatların ötürülməsini üçün nəzərdə tutulmuş unikal çoxməqsədli şəbəkədir. NGN şəbəkəsi müxtəlif növ telekommunikasiya trafiki üçün lazım olan yüksək keyfiyyətli xidmət təmin edir. Həmin texnologiyanın tətbiqi abonentlərə IoIP-telefoniya, səsli poçt, interaktiv oyunlar, multimediya və sair xidmətlərdən yararlanmağa imkan verəcək.