Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Daşkəndə səfəri zamanı Xəzərin dibi ilə Almatı-Bakı fiber-optik kabelinin çəkilməsi imkanları müzakirə olunub. Trend in Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, bu məsələ Qazaxıstanın Rabitə və İnformatizasiya üzrə Dövlət Agentliyinin sədri Askar Jumaqaliyevlə müzakirə olunub. Görüş zamanı təklif müsbət qarşılanıb və bu istiqamətdə kompleks tədbirlərin görülməsi qərara alınıb.
Özbəkistan baş nazirinin müavini Abdulla Aripovla görüşündə Ə.Abbasov Azərbaycan kanallarının peyk rabitəsi vasitəsilə Özbəkistanda yayımlanması imkanlarını müzakirə edib. A.Aripov Azərbaycan hökumətindən rəsmi müraciət daxil olduğu təqdirdə bu məsələnin müsbət həll olunacağına söz verib.