...

HP şirkəti Azərbaycanın dövlət və özəl qurumları üçün seminar keçirib

Telekommunikasiya Materials 14 İyul 2006 18:31 (UTC +04:00)

Bu gün Hewlett-Packard (HP) şirkətinin Azərbaycandakı nümayəndəliyi "Müəssisələrin İT-infrastrukturunda Thin Client texnologiyaları " mövzusunda seminar keçirib. Seminarın işində ölkənin bir sıra dövlət qurumlarının, özəl təşkilat və müəssisələrin nümayəndələri iştirak edib. Bu barədə Trend nümayəndəliyin məlumatına istinadən xəbər verib.

Seminarın aparıcısı - HP şirkətinin MDB ölkələrində Thin Client texnologiyaları və iş stansiyaları üzrə meneceri İqor Yevtçuk, çoxlu sayda operator tərəfindən mütəmadi olaraq bu və ya digər işlərin görülməsinə yönəlmiş İT-infrastrukturların qurulması zamanı məhz Thin Client texnologiyalarından istifadənin üstünlükləri haqda ətraflı məlumat verib . Yevtçuk, HP şirkətinin reallaşdırdığı layihələr əsasında bu texnologiyaların yüksək rentabelliliyini və məhsuldarlığının yüksək səviyyəsini nümayiş etdirib. Bu texnologiyların tətbiqi İT-infrastrukturun qurulmasına, onun istismarına çəkilən xərcləri əhəmiyyətli dərəcədə azaldır, beləliklə, bu və ya digər müəssisə ya da təşkilatın informasiya sisteminin formalaşdırılmasına və inkişafına yönəldilən maliyyə vəsaitlərinə ciddi qənaət etməyə imkan verir.

Qeyd olunub ki, hazırda HP şirkəti Thin Client istiqaməti üzrə tədqiqatlara xüsusi önəm verən, eyni zamanda bu texnologiyalar üzərində kompleks arxitekturaların qurulmasında, onlara müvafiq xidmətin göstərilməsində böyük təcrübəyə malik dünya korporasiyalarındandır.

HP şirkətinin Thin Client texnologiyaları Azərbaycanda da bir sıra layihələrin reallaşdırılması zamanı uğurla tətbiq olunub. Bunların sırasında bir neçə orta məktəbin kompüter avadanlığı ilə təchiz olunması, eləcə də Dövlət Sosial Müdafiə Fondunun vahid informasiya şəbəkəsinin yaradılması ilə bağlı layihələri göstərmək olar.

HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin tərəfdaş şəbəkəsinin inkişafı üzrə meneceri Rasim Baxşının sözlərinə görə, yerli sifarişçilərin Thin Client texnologiyalarında ön plana çəkdikləri üstün cəhətlər, ilk növbədə, bir iş yerinin kompüter avadanlığı ilə təchiz olunmasına çəkilən xərclərin kəskin surətdə azalması, HP şirkətinin müasir serverlərinin quraşdırılması və istismarı hesabına bütövlükdə müəssisənin iş məhsuldarlığının artırılması ilə bağlıdır. Bundan başqa, HP-nin bu texnologiyasından sifarişçilər həm zəmanət müddəti ərzində, həm də bu müddət bitdikdən sonra Hewlett-Packard şirkətinin avtorizə olunmuş servis mərkəzlərinin mütəxəssisləri tərəfindən təmin edilən yüksək keyfiyyətli xidmətlərdən yararlana bilərlər.

Thin Client - serverlə birgə tətbiq edilən, informasiya sistemlərinin dəstəklənməsi ilə bağlı xərclərin azaldılmasına, eləcə də biznesin səmərəsinin artırılmasına xidmət edən qabaqcıl kompüter həllidir. Bu texnologiya sistem proqram təminatının, istifadəçi əlavələrinin və məlumatların terminal serverində yerləşdirilməsini nəzərdə tutur. İş yerləri müvafiq terminallarla təchiz edilir ki, bu qurğular da serverdəki məlumat bazasına çıxışı təmin edir. Serverdəki əlavələrin işinin nəticələri isə istifadəçinin monitorunda öz əksini tapır. Mərkəzləşdirilmiş idarəetmə sayəsində, əlavə və yeniləşdirilmiş proqram təminatlarını cəmi bir dəfə serverdə quraşdırmaq kifayətdir ki, bu, informasiya sistemlərinin yeniləşdirilmə və tətbiqinin ümumi dəyərini aşağı salır.

Xəbər lenti

Xəbər lenti