Yüksək texnologiyaların inkişafı üzrə Azərbaycanda xüsusi iqtisadi zonanın yaradılması üzrə məsləhətləşmələr aparmaq üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ABŞ, Asiya və Avropa ekspertləri ilə danışıqlar aparır. Bu barədə Trend ə nazirlikdən xəbər verilib.
Nazirlikdə tenderdə nəzərdə tutulmuş işləri həyata keçirəcək beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılması məqsədəuyğun sayılır. Tender bir qədər əvvəl elan olunsa da, ona yalnız iki - "Ernst & Young" və "Salans" alyansı və "Angel" Amerika şirkətinin maraq göstərməsi üzündən baş tutmamışdı.
"Bu məsələ ilə bağlı qəti qərarı nazirlik oktyabrda "BakuTel 2006" telekommunikasiya və informasiya texnologiları üzrə sərgi və konfrans zamanı qəbul etmək niyyətindədir. Tədbirdə məsələ ilə bağlı ekspertlərlə əlavə məsləhətləşmələr aparılacaq", - deyə nazirlikdən bildirilib.
Ekspert qrupunun yaradılması ilə bağlı qərarın qəbul olunacağı təqdirdə onun işində yuxarıda adıçəkilən konsaltinq şirkətlərin mütəxəssisləri də iştirak edə biləcəklər.
Bundan başqa, Azərbaycanın da üzv olduğu Beynəlxalq Elmi Parklar Assosiasiyası bu tədbirlərin həyata keçirilməsi üçün öz ekspertlərini təqdim etməyə hazır olduğunu bildirib.
Tenderə əsasən, Azərbaycanda yüksək texnologiyalar sektorunun vəziyyətinin təhlili aparılmalı və yüksək texnologiyalar üçün ölkədə xüsusi zonaların yaradılmasının məqsədəuyğunluğu müəyyən olunmalıdır. İşlər 4 ay ərzində yerinə yetirilməlidir.