Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ-ın Türkiyədəki səfirinin kommersiya məsələləri üzrə müşaviri Ceyms Flyukerlə, ABŞ-ın Azərbaycandakı səfirinin enerji və kommersiya məsələləri üzrə əməkdaşı Alan Eyr və səfirin kommersiya məsələləri üzrə köməkçisi Sənan Nəsibli ilə görüş keçirilib. Bu barədə Trend Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüşdə nazirliyin şöbə müdirlərinin iştirakı ilə İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Rabitə Nazirliyinin beynəlxalq münasibətlər və qeyri-hökumət müəssisələri ilə iş şöbəsinin müdiri Ayaz Bayramov çıxış edərək, İKT sahəsində ABŞ və Azərbaycanın birgə gördüyü işlər haqqında danışıb, nazirliyin maliyyə, uçot və iqtisadi analiz şöbəsinin müdiri Rəşad Nəbiyev səfirlik nümayəndələrinə son illər rabitə sahəsindəki nailiyyətlər və uğurlu tədbirlər haqqında məlumat verib.
Nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov İKT sahəsində Azərbaycan və ABŞ əməkdaşlığının hüquqi əsasları haqqında danışıb və vurğulayıb ki, ABŞ Dövlət Departamenti və Azərbaycan Rabitə Nazirliyi arasında imzalanmış əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandum rabitə sahəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün əsasdır və bildirib ki, məhz Amerikanın Booz Allen Hamilton şirkəti Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsi çərçivəsində məsləhətçi seçimi üçün elan olunmuş müsabiqənin qalibi olub.
Sonra nazirliyin müşaviri Diana Landau ölkədə regional innovasiya zonasının yaradılması layihəsi və layihənin reallaşdırılması üzrə artıq həyata keçirilmiş tədbirlər haqqında danışıb.