Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan və Qazaxıstan Trans-Asiya-Avropa (TAA) fibrooptik kabel magistralının Siyəzən (Azərbaycan) - Aktau (Qazaxıstan) marşrutu üzrə çəkilməsi xərclərini müəyyənləşdiriblər. Bu barədə Azərbayacnın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rabitə Dünyası qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, onun bir müddət öncə Latviyaya səfəri zamanı Azərbaycanın Rabitə Nazirliyinin Beynəlxalq əlaqələr və hesablamalar mərkəzi və KazTransCom (Qazaxıstan) arasında memorandum imzalanıb. Sənədə əsasən, xərclər iki ölkə arasında bərabər bölünəcək.
Nazir hesab edir ki, imzalanmış protokol layihənin daha da tez həyata keçirilməsinə xidmət edir. Növbəti addım isə Ukrayna və Gürcüstanın iştirakı ilə konsorsiumun yaradılması olacaq. Konsorsiumun yaradılmasını iyunun sonunda Bakıda müzakirə etmək planlaşdırılır. Bu görüşə adları sadalanan ölkələrin rabitə qurumlarının rəhbərləri dəvət olunub.
Dənizin dibi ilə kabelin çəkilməsi isə təqribən 7-10 mln. dollar təşkil edəcək.
Qazaxıstan və Azərbaycan arasındakı marşrutun uzunluğu isə təqribən 380 km təşkil edəcək. Hazırda mövcud marşrut Türkmənistan və İrandan keçir və bu yolla Azərbaycandan yan keçir.
Layihə Mərkəzi Asiya telekommunikasiyasına Azərbaycandan keçməklə birbaşa Türkiyə ilə əlaqə yaratmağa imkan verəcək. Müvafiq olaraq da Azərbaycan, Türkiyə və Gürcüstan Qazaxıstan vasitəsilə Çinlə əlaqə yarada biəcək.