...

Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib

Turizm Materials 27 Dekabr 2021 13:12
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında turizmlə bağlı qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Digər dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.

Həmçinin, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti