...

Azərbaycan Prezidenti Şamaxı şəhərindəki Cümə məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam verib

Siyasət Materials 24 Dekabr 2009 20:28
Azərbaycan Prezidenti cümə axşamı Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Şamaxı şəhərindəki Cümə məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam verib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti dekabrın 24-də Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan xalqının tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı şəhərindəki Cümə məscidi 743-cü ildə inşa edilib və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dəhşətli zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilmişdir. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırım zamanı minlərlə günahsız insan qətlə yetirilib, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb. Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə təmir olunub.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti