...

"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası: Lapşinin ekstradisiyası beynəlxalq hüquq çərçivəsində həyata keçirilib

Nəzər nöqtəsi Materials 8 Fevral 2017 13:45 (UTC +04:00)
Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib.
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası: Lapşinin ekstradisiyası beynəlxalq hüquq çərçivəsində həyata keçirilib

Bakı. Yelena Kosolapova - Trend:

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib.

Bu sözləri Trend-ə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.

O deyib: “Azərbaycanla Belarus arasında cinayətkarların ekstradisiyası barədə saziş mövcuddur. Lapşin ilk növbədə qanun pozuntusu edib. Buna əsasən də Azərbaycan İnterpola onun saxlanması barədə müraciət edib. Belarus sərhədçiləri onun axtarışda olmasına reaksiya göstərib və onu saxlayıblar”.

V.Bayramov xatırladıb ki, Belarusda Lapşinin işinə üç instansiyada baxılıb və onun ekstradisiya qərarı qanunauyğun hesab olunub: “Azərbaycan onun verilməsini hüquq normalarına uyğun tələb edərək bir daha nümayiş etdirdi ki, hüquq dövlətidir. Bu, Azərbaycanın ərazi bötüvlüyünə hörmət etməyən bütün şəxslərə bir xəbərdarlıq olmalıdır”.

Aleksandr Lapşin Azərbaycana gətirildi (FOTO)

Aleksandr Lapşin Azərbaycana gətirildi (FOTO)

V.Bayramov eyni zamanda qeyd edib ki, A.Lapşin əgər Qarabağa sadəcə səfər etsəydi, onun adı Azərbaycana girişi qadağan edilən şəxslərin qara siyahısına salınacaqdı. Amma Lapşin Qarabağa səfərindən sonra Ukrayna pasportundan istifadə edərək Azərbaycana gəlib. Bundan başqa o, Azərbaycan barəsində qeyri-obyektiv informasiyalar paylaşıb.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Ötən gün A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti