Bakı. Samir Əli - Trend:
“Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir”.
Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nı şərh edərkən bildirib.
Onun sözlərinə görə, sözügedən hesabatda Azərbaycanın mövqeyinin daha iki pillə artması, yəni 35-ci yerə qərarlaşması, MDB ölkələri arasında lider olması, həmçinin G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də geridə qoyması qeyd edilən fikirləri kifayət qədər təsdiq etmiş olur: “Əlbəttə, əgər nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə ölkəmizin rəqabətədavamlılığı yüksəlib və nüfuzlu qurum hesab edilən Dünya İqtisadi Forumu tərəfindən qiymətləndirilib, bu zaman əminliklə deyə bilərik ki, Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir”.
“Ölkəmiz bu uğurları yalnız post-neft dövründə əldə etməyib”, - deyə qeyd edən B.Quliyev hesab edir ki, əldə edilən nailiyyətlərin digər əsas faktoru qeyri-neft sektorunun inkişafına aid edilə bilər:
“Yəni ölkəmizin dünya iqtisadiyyatı fonundakı yüksəlişi, rəqabətədavamlığı və rəqabətqabiliyyəti ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı fonunda reallaşdırdığı islahatları ilə də əlaqələndirilməlidir. Burada isə yalnız beynəlxalq layihələrin deyil, eyni zamanda ölkədaxili layihələrin həyata keçirilməsi sözügedən amili ehtiva edir. Misal üçün, beynəlxalq layihələr çərçivəsində TAP, TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, İpək Yolu və s. layihələrlə yanaşı, ölkədaxili iqtisadiyyatımızın inkişafı məqsədilə imzalanan əhəmiyyətli sərəncamların hər biri bilavasitə Azərbaycanın iqtisadi reytinqdəki yüksəlişini təmin edir. Məhz sonuncu hesabat da bu gerçəklikləri sübuta yetirmiş olur. O cümlədən, bu yaxınlarda imzalanmış yeni “Əsrin müqaviləsi” hesabatda irəliləməmizə təkan verən faktorlardandır. Xüsusilə, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də sübut edir ki, aparılan sistemli iqtisadi siyasət kursu öz bəhrələrini verməkdədir”.
“Ümumiyyətlə, Azərbaycan bir çox önəmli layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunu oynamaqla istər xarici sərmayələrin cəlb edilməsində, istərsə də özünün sərmayələr yatırması baxımından aparıcı ölkələr sırasında yer almaqdadır”, - deyə qeyd edən siyasi ekspertin fikrincə, dünyanın bir çox aparıcı şirkət və konsernləri, nüfuzlu korporasiyalar ilk növbədə iş qurmaq istədikləri ölkələrin növqeləri ilə maraqlandırlar. Azərbaycan isə ən münbit və ən etibarlı tərəfdaş olaraq daim aparıcı layihələrin iştirakçısı yerini tutur.
B.Quliyev əldə edilən iqtisadi nailiyyətlərin bilavasitə Azərbaycan xalqının rifahına doğru atılmış mütərəqqi addım olduğunu qeyd edib: “Əbəs deyil ki, cənab Prezident bütün çıxışlarında əsas olaraq, insan faktorunu diqqətdə saxladığını vurğulayır. Çünki dövlətin əsas marağı Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb. Əlbəttə, xalqın hakimiyyətə verdiyi dəstək də bu konteksti əhatə etdir və xalq-hakimiyyət birliyi Azərbaycanın dünyanın siyasi-iqtisadi arenasında əldə etdiyi uğurları daha da artırmış olur".