Bakı. Trend:
Onsuz da gərgin olan Ankara-Aİ münasibətləri Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra daha da gərginləşdi.
Türkiyə rəsmiləri çevriliş cəhdindən sonra Aİ-ni demokratik dəyərlərə sahib çıxmamaqda və Ankaraya yetərincə dəstək verməməkdə ittiham etdilər.
Aİ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara bundan sonra quruma tamhüquqlu üzv ola bilməyəcək, buna səbəb olaraq isə Aİ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini əsas gətirib.
Təşkilat rəsmiləri başqa bir bəyanatda isə, Ərdoğanın qəsdən Aİ-dən üz çevirdiyini bəyan ediblər.
Lakin qeyd etmək lazımdır ki, bu bəyanatlara baxmayaraq Aİ də Ankara qarşısında öz öhdəliklərini yerinə yetirməyib, xüsusən də, suriyalı qaçqınların şəraitinin yaxşılaşdırılması üçün vəd edilən 3 milyard avronu Türkiyəyə bu vaxta qədər verməyib. Ankara isə öz növbəsində suriyalı qaçqınların saxlanılması üçün altı il müddətində 30 milyard dollar xərcləyib.
Təbii ki, iqtisadiyyatının güclənməsini əsas hədəf kimi qəbul edən Türkiyə üçün bu məbləğ heç də az deyil.
Türkiyədə isə Aİ-nin bu addımını ölkə iqtisadiyyatına vurulan zərbə kimi qiymətləndirirlər.
Bütün bunlarla yanaşı Ankara siyasi elitasına hakim olan rəylərdən biri də budur ki, Türkiyə heç vaxt Aİ-yə tamhüquqlu üzv ola bilməyəcək, bunun başlıca səbəbi isə, Türkiyənin müsəlman ölkəsi olmasıdır.
Bununla yanaşı Aİ-yə üzvlüyə mane olacaq başqa bir amil də mövcuddur. Bu isə, Türkiyənin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi qəbul etməməsidir.
Tam əminliklə söyləmək olar ki, Aİ Türkiyənin bu quruma tamhüquqlu üzvlüyü üçün Ankaradan 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi qəbul etməyi tələb edəcək. Bu isə Türkiyə üçün əsla qəbuledilməzdir.
Qeyd etmək lazımdır ki, gərgin olan Aİ-Ankara münasibətləri fonunda Türkiyə prezidenti Ərdoğan əvvəlki bəyanatlarından bir az daha fərqli bəyanatla çıxış etdi.
Ərdoğan çıxışında, "Artıq Aİ-yə ehtiyacımız yoxdur, lakin danışıqları kəsən ilk tərəf olmaq niyyətində deyilik" dedi.
Ərdoğan nitqinin sonunda Aİ-ni Ankaraya qarşı daha səmimi olmağa da dəvət etdi.
Artıq Ankara-Aİ münasibətləri dalana dirənmiş və sonu görünməyən bir vəziyyətdədir.
Bəlli məsələdir ki, bundan sonra Aİ Türkiyə ilə danışıqların aparılması üçün yeni səhifə açmayacaq.
Sual yaranır ki, sonu görünməyən danışıqların aparılmasının nə mənası var?
Baxmayaraq ki, Ankara danışıqları kəsən ilk tərəf olmaq niyyətində deyil, Türkiyə bu məsələdə gec-tez addım atmalı olacaq. Ən azından ona görə ki, artıq Aİ Türkiyənin bu quruma üzvlüyü məsələsində öz mövqeyini açıq şəkildə ortaya qoyub.
Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri