...

Deputat: Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir

Nəzər nöqtəsi Materials 17 Oktyabr 2017 13:07 (UTC +04:00)

Bak. Elçin Mehdiyev – Trend:

Qardaş Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməli və onların Azərbaycana təhvil verilməsini təmin etməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, türk xalqına, türk dövlətlərinə xəyanət edən bu 4 nəfər Dağlıq Qarabağa qanunsuz səfər ediblər, Ermənistana gediblər və ölkələrinə qayıtdıqdan sonra isə Türkiyədə bəzi telekanallar, qəzetlər, radiolarda onlara Ermənistanı, Dağlıq Qarabağdakı cinayətkar qrupu tərifləməyə geniş imkanlar yaradılıb:

“Türkiyə hökuməti bildirir ki, o adamların mövqeyi bizim mövqeyimiz deyil. Həmin şəxslərə mediada təbliğat apararaq erməni işğalını dəstəkləməyə niyə imkan verilir? Bu məsələlər suallar doğurur. Türkiyə ilə Azərbaycan dostdur, qardaşdır. Hər zaman deyirik ki, dostluğumuza, qardaşlığımıza xələl gətirən hərəkətlər olmasın. Belarus Azərbaycanın dövlət sərhədini qanunsuz keçən Aleksandr Lapşini həbs edib ölkəmizə təhvil verdi. Bu yanaşmanı Türkiyə hökumətindən də gözləiyirik. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 4 Türkiyə vətəndaşı barəsində cinayət işi başlanılıb və müvafiq sənədlər Türkiyəyə göndərilib. Niyə Türkiyə dövləti bu məsələ ilə bağlı qarşılıqlı addım atmır, Azərbaycan sərhədlərini qanunsuz keçən həmin şəxsləri ölkəmizə təhvil vermir? Biz istəyirik ki, Türkiyə ilə Azərbaycan arasında dostluğa, qardaşlığa xələl gətirən hadisələr olmasın. Bu cür hallara yol verilməməli və Türkiyə hökuməti bu məsələyə diqqət yetirməlidir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bir müddət sonra isə Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı Karo Paylan Yerevana səfər edib. O, Yerevanda çıxışı zamanı Ankaranı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti