...

Millət vəkili: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir

Nəzər nöqtəsi Materials 17 Sentyabr 2018 13:58 (UTC +04:00)
15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir.
Millət vəkili: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir

Bakı. Elçin Mehdiyev - Trend:

100 il bundan öncə Bakının daşnak-bolşevik işğalından azad edildiyi 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, bu hadisə ilk növbədə onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığının böyük və şərəfli tarixi var:

“O zaman Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan əsgərləri ilə birlikdə böyük qəhrəmanlıq göstərərək nəinki Bakını işğaldan azad etdilər, eyni zamanda daşnak-bolşeviklərin Azərbaycanda növbəti qırğınlar törətməsinin qarşısını aldılar. Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşü uğurla davam etdirildi, ardınca strateji məntəqə olan Şamaxı şəhəri də işğaldan azad edildi. O zaman Bakı işğaldan azad edilməsəydi, Azərbaycanın gələcək taleyinin necə olacağı sual altında idi, lakin Türkiyə-Azərbaycan qardaşlığı bu çətin sınaqdan üzüağ çıxdı”.

Deputat vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə-Azərbaycan dosluğu və qardaşlığı yeni bir mərhələyə qədəm qoydu: “Ulu öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan haqqında söylədiyi “bir millət, iki dövlət” ifadəsi bu qardaşlığın əsl təsviridir”.

Millət vəkili qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dünyaya bir nümunədir: “Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Həmçinin, dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq qardaş ölkələrə etməklə bu münasibəti bütün dünyaya nümayiş etdirirlər. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnanıram ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti