Bakı. Samir Əli - Trend:
Prezident İlham Əliyevin yeni kadr islahatları Azərbaycanın postneft dövründə daha dərin və sistemli xarakter alan ümumi islahatların davamı və tərkib hissəsidir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının özü səmərəli idarəçiliyin və kadrların düşünülmüş şəkildə dəyişdirilməsinin nəticəsi olmaqla bərabər, həm də keyfiyyətcə yeni kadr islahatlarının aparılmasını bir tələb kimi qarşıya qoyur:
"Bu mənada Prezidentin ən yeni kadr islahatları və davam edən inkişaf meyilləri bir-birini tamamlayan əhəmiyyətli sosial təzahürdür. Kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha fəal və həssas rezonans doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verir. Konkret desək, budəfəki islahatlar dalğası əhətə dairəsinə və daha dərin keyfiyyət yenilikləri doğurmaq gücünə görə fərqlənir. Kadr islahatlarında bir neçə metodik yenilik bu prosesə olan ictimai və beynəlxalq marağı daha da artırır. Bu, həm fəxri həyata göndərilən, həm də yeni təyinat alan kadrlara Prezidentin yanaşma üsullarında özünü göstərir. İslahatlarda metodik yenilik kadrlarla təyinatqabağı söhbətin cəmiyyət üçün açıq aparılması və hər kəsin qarşısında cavabdeh olduğu yeni sahənin vəzifələrini dəqiq müəyyən etməkdir. Prezidentin söhbətlərinin televiziya ilə nümayış etdirilməsi kadrların məsuliyyət hissini ikiqat artıran əhəmiyyətli motiv kimi diqqəti cəlb edir".
A.Quliyev bildirib ki, Prezident kimi, hara və nə üçün təyin etdiyi barədə cəmiyyətə çox aydın mesajlar vermək üsulunu tətbiq edir və bu, kadr islahatlarında Prezidentlə cəmiyyət arasında özünəməxsus anlaşma mühitinin yaranmasında çox vacib rol oynaya bilər: "Kadr islahatları dövlətçilik qarşısında xidmətləri olmuş şəxslərin zəhmətinin cəmiyyətin gözləri qarşısında qiymətləndirilməsi və gənclərə əlverişli karyera yüksəliş imkanları açmaq baxımından da əhəmiyyətlidir. Bir daha dövlət başçısı xidməti olanları dəyərləndirməkdə və gənclərə meydan açmaqda nə qədər ardıcıl və prinsipial olduğunu nümayiş etdirir".
Ekspertin sözlərinə görə, Prezidentin kadr islahatlarının yenilik kimi xarakterizə edilə biləcək daha bir xüsusiyyəti ilk dəfə kadr və struktur islahatlarının eyni anda və fasiləsiz olaraq həyata keçirilməsidir: "Kadr islahatlarının cəmiyyətin nəzərində indiyədək az qala "toxunulmazlıq" statusu almış bəzi problemlər barəsində kəskin islahedici bəyanatlarla müşayiət olunması bu prosesə ictimai marağı daha da artırır. Yeni kadrların təyinatı fonunda korrupsioner, inhisarçı və zəli kimi qan soran məmurlara xəbərdarlıq edilməsi islahatlara ictimai inamı artıran faktorlardandır. Prezident kadr islahatlarını bütün cəmiyyətlə birlikdə, onun dəstəyi və anlaşıqlı münasibəti ilə həyata keçirir. Kadr islahatlarında əsas hədəflərin sabit və səmərəli inkişaf, qeyri-neft sektorunun üstün inkişafı, əhali məmnunluğu, yüksək rifah olması özünü inandırıcı şəkildə göstərir. Prezident kadr dəyişikliklərinə Azərbaycanın daha uğurlu sabahına ən etibarlı keçid vasitəsi kimi baxdığını bariz şəkildə nümayiş etdirə bildi".