Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin Prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində geniş çıxış edərək, ötən dövrün geniş təhlilini verməklə yanaşı, gələcək prioritetlərdən də danışmışdı. Eyni zamanda, ölkə başçısı qarşıda duran vəzifələr və inqilabi islahatların anonsunu da vermişdi.
Bunu Trend-ə açıqlamasında "Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
O bildirib ki, dövlət başçısının andiçmə mərasimində çıxışı zamanı həm struktur, həm kadr, həm də daim yeniliyə, ümumiləşməyə, inkişafa xidmət edən islahatlarla bağlı anonsları ardıcıl olaraq həyata keçirilir: “İnkişaf özü davamlı proses olduğu üçün, inkişafın davamlılığını təmin etmək üçün islahatlar həyata keçirilməlidir. Biz ölkə başçısı tərəfindən həm daxili, həm xarici, həm iqtisadi, həm siyasi, həm sosial, həm hüquqi dövlət quruculuğu, həm də digər sahələrlə bağlı mütəmadi şəkildə islahatların şahidi oluruq. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi və müsbət bəhrə verməsi çox sevindiricidir”.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin xalqla təmasda olarkən, müxtəlif formatlarda çıxışında verdiyi sözlərin ardıcıl icrası göstərir ki, ölkə başçısı planlı, düşünülmüş siyasət yürüdür.
R.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hazırda həm kadr, həm də struktur islahatları ilə bağlı atılan addımlar idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir.
Həyata keçirilən islahatların yeniləşməyə, inkişafa xidmət etdiyini xüsusi vurğulayan siyasi ekspert bildirib ki, inqilabi dəyişikliklər cəmiyyətdə diskomfort yaratmır: “Əksinə, həyata keçirilən islahatlar, inqilabi dəyişikliklər cəmiyyət tərəfindən alqışlanır və dəstəklənir. Prezident İlham Əliyevin son günlər bu istiqamətdə atdığı addımlar struktur islahatlarının daha da modernləşməsinə, şəffaflığına, idarəçiliyin optimallaşmasına, çevikliyinə xidmət edir. Ölkəmizdə bu cür islahatlarla bağlı təcrübə var. Belə ki, bundan əvvəl də, bir-birini təkrarlayan idarəçilik mexanizmində uyğunsuzluq olan strukturların ləğvi və birləşdirilməsinin şahidi olmuşuq. Bütün bunlar əlbəttə ki, idarəetmənin optimallaşdırılmasına xidmət edir”.
Mərkəz rəhbəri əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son struktur islahatları da, sosial inkişafımızı şərtləndirən, iqtisadi islahatlar yönündə atılan çox ciddi, inqilabi addımlardır: “Mən əminəm ki, bu addımlar idarəçiliyin daha da optimallaşdırılmasına şərait yaradacaq. Kadr islahatlarının struktur islahatları ilə paralel şəkildə həyata keçirilməsi daha çox yenilik, çeviklik, müsbət dəyişikliklərə səbəb olacaq. Hazırda "Resurs” Analitik İnformasiya Mərkəzi tərəfindən müəyyən sosial qruplarda islahatların doğurduğu reaksiyaları müəyyən formada analiz etməyə çalışmışıq. Nəticələrə əsasən, deyə bilərik ki, aparılan islahatlar əhali tərəfindən yüksək qiymətləndirilir”.