Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Ukraynanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Qaytana Essami Bakıya gələndən bəri yalnız gülərüz insanlarla qarşılaşdığını deyib.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında "Eurovision 2012"-də iştirak etmək üçün Bakıya gəlməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
O, müsabiqədə ifa edəcəyi "Be my guest" mahnısının tamaşaçılar tərəfindən seviləcəyinə və insanları bir-birinə yaxınlaşdıracağına əmin olduğunu qeyd edib.
Özünü həm konqolu, həm də ukraynalı hesab edən Qaytana mahnılarında hər iki ölkənin mədəni çalarlarının əks olunduğunu diqqətə çatdırıb.
Ukrayna təmsilçisi Bakının hər bir guşəsini bəyəndiyini söyləyib. Qaytana deyib ki, hər bir azərbaycanlı müsabiqə iştirakçılarına əlindən gələn köməyi göstərir.
Tədbirdə Ukrayna təmsilçisinin yeni albomu, elektron bukleti, mahnısının adı verilmiş "Be my guest" şokoladı təqdim edilib.