Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/
Ukraynanın "Eurovision 2012" müsabiqəsindəki təmsilçisi, ingilis dilində "Be my guest" ("Qonağım ol") mahnısı ilə müsabiqənin ikinci yarımfinalında çıxış edəcək qeyri-adi Qaytana Trend-ə eksklüziv müsahibə verib. İrəli gedərək, qeyd edək ki, müsahibə çox pozitiv alınıb. Qaytananın Bakı haqqında təəssüratları valehedicidir.
- Bakıda olmağınız sizdə necə təəssürat yaradıb?
- Bura mənim o qədər xoşuma gəlir ki, Bakıda günlərimin başa çatmasını istəmirəm. Burada insanlar çox qonaqpərvərdirlər, adamı mehriban qarşılayır və gülümsəyirlər, daim hədiyyə verirlər. Bu fantastikdir! Mətbəxiniz son dərəcə heyranedicidir, hər şeyi bir-birinin ardınca yeyirəm, qorxuram ki, çox kökələm (gülür). Üzüm yarpaqlarından dolma və heyva kompotu - mmm... (barmaqlarını öpür), bir də əlbəttə ki, lülə kabab.
- Haralarda olmağa macal tapmısınız?
- Bakının köhnə hissəsi - İçərişəhərə çox gözəl ekskursiyamız oldu, suvenir və xalça dükanları məni valeh etdi. Xüsusi olaraq bizim üçün tikilən yeni "Bakı Kristal Zalı" möhtəşəmdir! Xüsusilə, axşamlar bütün işıqlar yananda sadəcə baxmamaq mümkün deyil. Müslüm Maqomayev adına Dövlət Filarmoniyası, qədim İçərişəhər və Qız Qalası çox xoşuma gəldi. Özünün müdafiə olunduğunu hiss etmək üçün belə üslubda balaca evimin olmasını istəyirəm. Şəhərin mərkəzindəki fəvvarələr çox gözəldir! Bakı əsl arzular şəhəridir.
- Və ənənəvi sual: müsabiqənin favoritləri haqqında nə deyərdiniz?
- Bütün iştirakçıların 80 faizini favorit hesab edirəm. Çünki iştirakçılar və kompozisiyalar çox güclüdür. İnsanlar bu müsabiqədən çox böyük zövq alırlar. Bu, əsl musiqi, rəqs nömrələri və bütün ən gözəl olanların bayramıdır!
- Siz öz qələbənizə inanırsınız?
- Ən başlıcası odur ki, mənim mahnım hər bir insanın ürəyinə yatır, çünki mənim bütün ruhumla yazılıb və ifa olunur. "Be my guest" ondan danışır ki, hamımız böyük bir ailə ola bilərik. "Be my guest" - xeyir, xoşbəxtlik və qonaq olmağa ən parlaq dəvətdir. "Be my guest" mahnımla mən hər bir tamaşaçı və dinləyiciyə sevinc, təbəssüm, xoşbəxtlik hədiyyə etmək istəyirəm. Azərbaycanın məni təbəssüm və məhəbbətlə qarşıladığı kimi, qoy, çoxmilyonlu auditoriya da mənim Bakıda duyduqlarımı hiss etsin.