Azərbaycan, Bakı, 25 may /Trend, müxbir V.İmanov/
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision 2012"-nin finalçısı, Böyük Britaniyanın müsabiqədəki təmsilçisi Engelbert Hamperdinkin mətbuat konfransı keçirilib. O, finalda "Love Will Set You Free" ("Sevgi səni azad edir") kompozisiyası ilə çıxış edəcək.
"Romantik kompozisiyamda lirik janrın ən yaxşı musiqi məqamlarını göstərməyə çalışmışam. Belə mahnıların uzün ömür yaşamağa haqqı var və bu mahnı mənim repetuarımda ən yaxşılardandır", - Trend-in məlumatına görə, cümə günü Hamperdink jurnalistlərə deyib.
Əfsanəvi müğənninin sözlərinə görə, onun Rusiyada çoxlu dostları var və onlardan biri Filip Kirkorovdur.
"Filip mənə dedi ki, öz fanatlarından "Eurovision"da mənə səs vermələrini xahiş edir", - o deyib.
Engelbert "rok-n-rollun kralı" Elvis Presli ilə dostluğundan danışıb, onun hədiyyəsini - daim özü ilə gəzdirdiyi qızıl xaçı göstərib.
Hamperdink "Eurovision 2012"-nin azərbaycanlı iştirakçısı Səbinə Babayeva haqqında təəssüratlarını bölüşüb.
"Mən Səbinə Babayeva ilə görüşdüm və o məndə böyük təəssürat yaratdı. Bu çox xarizmatik, istedadlı və təmizqəlbli insan gözəl vokal imkanlarına malik müğənnidir. Mən onun parlaq gələcəyinə inanıram və "Eurovision"da uğurlar arzu edirəm", - müğənni deyib.
Britaniyada müğənnini "Romansın kralı" adlandırırlar. Uzun yaradıcılıq həyatında Hamperdink bir çox mükafatlara, o cümlədən 68 "qızıl" plastinkaya, 18 "platin" alboma və bir neçə "Qremmi" mükafatına layiq görülüb. 2010-cu ilin oktyabrında müğənni Hollivudda nüfuzlu "Musiqi əfsanəsi" mükafatına layiq görülüb. Bu mükafat ABŞ-ın Gənc Musiqiçilər Cəmiyyəti tərəfindən dünya estradasının ən görkəmli nümayəndələrinə təqdim edilir. Engelbert Hamperdink dəfələrlə kinoya çəkilib.