Azərbaycan, Bakı, 25 may /Trend/
Azərbaycanda olduqları müddətdə "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının və onlarla birgə ölkəmizə təşrif buyurmuş nümayəndə heyətləri üzvlərinin Bakının qədim mərkəzi olan İçərişəhərə böyük maraq göstərdiklərini nəzərə alaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Eurovision" müsabiqəsinin nümayəndə heyətlərinə xatirə hədiyyələri təqdim edilib.
İdarədən cümə günü Trend-ə verilən məlumata görə, qədim İçərişəhərin tarixini və mədəniyyətini özündə əks etdirən məlumatlarla zəngin olan hədiyyələrlə yanaşı, müxtəlif dövrlərdə İçərişəhərə həsr edilmiş musiqi parçalarını özündə cəmləşdirən "İçərişəhər Jazz" diski də hədiyyə edilib.
Bununla yanaşı, xarici jurnalistlərin məlumatlandırılması üçün "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində "İçərişəhər" və "Qala" qoruqları barədə müxtəlif təbliğat materialları yerləşdirilib.