Gürcüstan, Tbilisi, 08 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili ehtiyatda olanların ümumi səfərbərliyini elan edib. Bu barədə o, cümə günü xalqa xüsusi müraciətində bəyanat verib.
"Mən ehtiyatda olanların qismən səfərbərliyini elan etmişdim, indi isə onların ümumi səfərbərliyini elan edirəm. Bütün ehtiyatda olanlar çağırış məntəqələrinə gəlməlidirlər", - prezident bəyan edib.
Saakaşvili bəyan edib ki, ötən gecə ərzində "Cənubi Osetiya" ərazisinin "böyük hissəsi" Gürcüstan qoşunlarının nəzarəti altına keçib.
"Lakin bəyan etmək istəyirəm ki, Gürcüstanın əleyhinə iri miqyaslı təcavüz həyata keçirilir. Cümə günü Rusiya təyyarələri gürcü kəndlərini bombalayıb. Mən dünya ictimaiyyətini Gürcüstanı dəstəkləməyə, Rusiyanı icə təcavüzdən imtina etməyə çağırıram. Bu müharibənin təşəbbüskarı biz deyilik", - o bildirib.
"Mən bütün xalqı birləşməyə və təcavüzkarı dəf etməyə çağırıram. Biz qorxmuruq və biz bir yerdəyik. On minlərlə gürcü ölkəni xilas etməlidir. Biz - azadlığı sevən millətik. Millət birləşərsə, heç kim onu məğlub edə bilməz", - prezident vurğulayıb.
"Qoy Allah bizim ölkəmizi hifz etsin", - prezident öz nitqini başa çatdırıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]