...

NATO yüklərinin İran vasitəsilə Əfqanıstana daşınmasından danışmaq hələ tezdir

Dünya xəbərləri Materials 1 Aprel 2009 09:00 (UTC +04:00)
NATO yüklərinin İran vasitəsilə Əfqanıstana daşınmasından danışmaq hələ tezdir

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir D.İbrahimova /

Qərblə Tehranın Əfqanıstandakı vəziyyətin stabilləşməsi ilə bağlı maraqlarının üst-üstə düşməsinə baxmayaraq ekspertlər hesab etmirlər ki, İran NATO-nun qeyri-hərbi yüklərinin Əfqanıstana daşınmasında tranzit rolunu oynaya bilər.

"Güman ki, ABŞ, Böyuk Britaniya və alyansa üzv olan digər ölkələr İrandan Əfqanıstana yüklərin daşınması üçün tranzit kimi istifadənin əleyhinə olacaqlar", - İran üzrə amerikalı ekspert Kennet Kaçman Trend -a bildirib. Qırğızıstandakı Manas bazası bağlandıqldan sonra NATO bloku Əfqanıstana yüklərin daşınmasında çətinliklərlə üzləşib. Qeyri-hərbi yüklərin Rusiya vasitəsilə daşınması fikri ilə yanaşı, ekspertlər İran variantını da istisna etmirlər. Rəsmi Tehranın nümayəndələri Əfqanıstan və Qəzzadakı vəziyyətlə bağlı konfransda iştirak ediblər.

Bu İranın Əfqanıstandakı vəziyyətin nizamlanması məsələlərinin müzakirəsinə cəlb olunması istiqamətində ilk cəhd deyil. Sözügedən məsələlərin müzakirəsində İranın iştirakının vacibliyini ABŞ Prezidenti Barak Obama dəfələrlə vurğulayıb. Bunun nəticəsi olaraq İran Parisdə Əfqanıstanla bağlı keçirilən konfransa dəvət alsa da iştirak etməkdən imtina etdi.

ABŞ-ın Əfqanıstan ərazisinə hərbi müdaxiləsi 2001-ci ildə başlayaraq "Taliban" hərəkatını devirmək və "Əl-Qaidə" lideri Üsamə bin Ladeni ələ keçirmək məqsədi güdüb. Lakin əməliyyat bu günlərədək uzanır.

ABŞ Prezidenti Obamanın Əfqanıstanla bağlı yeni strategiyasına əsasən, yazda Birləşmiş Ştatların əlavə 17 min nəfərlik kontingenti NATO qüvvələri ilə birgə Əfqanıstanın cənubu və şərqində taliblərə qarşı yeni irimiqyaslı əməliyyatlara başlayacaq. Bundan əlavə Vaşinqton ilin sonunadək Əfqanıstana "əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək üçün" 4 min hərbçi göndərəcək. Obama həm də BMT-nin himayəsi altında Rusiya, İran və Çinin də daxil olmasını nəzərdə tutan Əfqanıstanla bağlı əlaqələndirici qrupun yaradılması təklifini irəli sürmüşdü.

Ekspertlər hesab edir ki, Əfqanıstanla bağlı məsələdə maraqların üst-üstə düşməsinə baxmayaraq İran ərazisindən yüklərin Əfqanıstana ötürülməsindən danışmaq hələ tezdir.

"Qərblə Tehranın toqquşduğu əsas ümumi problem İran ərazisi vasitəsilə nəql edilən Əfqanıstanda istehsal olunan narkotiklərdir", - elektron poçt vasitəsilə beş il Avropa komissiyasının Əfqanıstanda fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri olmuş Karl Harbo Trend -a bildirib.

Dünya üzrə opium istehsalının 93 faizi Əfqanıstanın payına düşür.

Əfqanıstan nümayəndələri ölkələrinə xeyir verəcək istənilən ABŞ-İran əməkdaşlığında maraqlıdırlar.

"İran və NATO tərəfləri narahat edən bir çox məsələləri müzakirə edə bilərlər. Tərəfləri birləşdirən vacib amil narkotiklərlə mübarizə ola bilər", - Əfqanıstan Müdafiə Nazirliyinin əməkdaşı general Zahir Əzimi telefon bağlantısı zamanı Trend -a bildirib.

Qərblə İranın Əfqanıstanla bağlı digər ümumi problemi isə ölkədə təxribat xarakterli fəaliyyət göstərən "Taliban" hərəkatı ilə bağlıdır. Taliblərin hərbi mövcudluğu Senli Şurası (London) beynəlxalq analitik mərkəzinin hesablamalarına görə Əfqanıstanın 54 faiz ərazisini tutur. Digər tərəfdən də bəzi NATO dövlətlərinin İrana şübhə ilə yanaşmaları qeyri-hərbi yüklərin Əfqanıstana çatdırılması məsələsində irəliləyişə mane olur.

"NATO-nun bir sıra ölkələri yəqin ki, İran ərazisindən istifadə edərək yüklərin Əfqanıstana çatdırılmasının əleyhinə çıxmazlar. Lakin ABŞ və Britaniya bu məsələyə bir qədər şübhə ilə yanaşa bilərlər", - Kaçman deyib.

İranla Qərbin münasibətləri sonuncunun Tehranın nüvə silahı yaratmasından ehtiyat etməsi  ilə bağlıdır. Baxmayaraq ki, İslam Respublikası nüvə proqramının dinc məqsədlər üçün inkişaf etdirdiyini dəfələrlə qeyd edib.

İran daxilində də bu fikirdədirlər ki, NATO yüklərinin İran ərazisi ilə Əfqanıstana daşınması barədə danışmaq hələ tezdir.

"Əfqanıstanda vəziyyətin sabitləşməsi gələcəkdə İranın təhlükəsizliyi və stabilliyi üçün təhlükədir", - Beynəlxalq məsələlər üzrə iranlı ekspert Həsən Behiştipur telefon bağlantası zamanı Trend -a bildirib.

Onun sözlərinə əsasən, İran Əfqanıstanın qonşusu olaraq əmin olsa ki, ABŞ-la əməkdaşlıq regiona sabitlik gətirəcək, buna gedər.

"İkinci qaranlıq məsələ isə ABŞ-ın öz planlarında əfqan xalqına və onun təhlükəsizliyinə nə qədər yer ayırdığından ibarətdir", - Behiştipur vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti