...

Avropada təhlükəsizlik haqda yeni müqavilə NATO-ya qarşı yönəlməməlidir - RF Prezidenti

Dünya xəbərləri Materials 15 May 2009 13:27 (UTC +04:00)
Avropada təhlükəsizlik haqda yeni müqavilə NATO-ya qarşı yönəlməməlidir - RF Prezidenti

"Rusiyanın təklif etdiyi Avropada təhlükəsizlik haqda yeni müqavilə NATO-ya qarşı yönəlməməlidir", - RF Prezidenti Dmitri Medvedyev hesab edir, RİA Novosti yazır.

"Təhlükəsizlik və əməkdaşlıq haqda Helsinki aktı varsa, Avropada təhlükəsizliyi təmin etmək üçün hansısa yeni - NATO-ya qarşı olmayan sənəd də peyda olmalı idi", - Medvedyev mayın 16-da efirə çıxacaq "Vesti v subbotu" verilişinə müsahibəsində bildirib.

Prezident xatırladıb ki, əvvəllər Avropada təhlükəsizliyi təmin edən institutlar toplusu var idi. Onlar 70-ci illərdə yaradılıb və onun fikrincə, öz rolunu oynayıb.

"Təəssüf ki, Avropada təhlükəsizlik artmır, əksinə, bir hərbi-siyasi blokun genişlənməsi hesabına təmin edilir. NATO böyüyür, təhlükəsizlik fraqmentlərə, hissələrə bölünür. Mən düşünürəm ki, danışıqlar üzrə tərəfdaşlarımız nə deyirsə-desin, bu, heç kimi qane etməməlidir və bu səbəbdən də yeni yanaşmalar lazımdır", - dövlət başçısı qeyd edib.

"Avropada bizim bir sıra dövlət birliklərimiz var, Şimali Atlantika alyansı mövcuddur. Ancaq bizim bütün sualları nəzərdən keçirəcəyimiz universal meydança yoxdur. Məhz bu səbəbdən də Avropanın təhlükəsizliyi haqda razılaşma ideyası ortaya çıxdı", - Medvedyev bildirib.

Onun fikrincə, Avropada təhlükəsizlik özündə "bir çox komponentlər, ölkələr toplusunu" ehtiva edir.

"Bunlar bütün Avropa ölkələri, ABŞ, Kanada, bütün Avropa təşkilatları, Aİ, NATO, MDB, KTMT-dir. Və məncə biz münasibətlərin yeni özülünü yarada bilsək, bu səmərəli olar. Və bu, şübhəsiz ki, NATO-nu bütün istiqamətlərə irəlilətməkdən daha yaxşıdır", - Rusiya Prezidenti hesab edir.

Bununla yanaşı, o qeyd edib ki, "bizi belə yanaşmalar qane etmir və biz buna reaksiya verəcəyik".

"Hansı daha yaxşıdır - yeni təhlükəsizlik konstruksiyası yaratmaq, yoxsa hələ cəmi bir il əvvəl hərbi əməliyyatlar baş vermiş yerin yaxınlığında hərbi təlimlər keçirmək? Biz XX əsrdə qazandığımız ağır təcrübəni nəzərə alaraq, sadəcə ölkəmiz, insanlarımız üçün yeni təhlükəsizlik səviyyəsi istəyirik", - Medvedyev əlavə edib.

Prezident həmçinin Aİ ilə münasibətlərə aid bir sıra məsələlərə aydınlıq gətirib və Rusiya-Aİ-nin qarşıdakı sammitinin keçirilmə yeri kimi niyə Xabarovskun seçilməsini izah edib.

"Ötən il Aİ üzrə həmkarlarımla görüşən zaman onlara Rusiyanın yalnız Avropa hissəsi deyil, Ural, Sibir, ya Uzaq Şərqdə necə olduğunu görməyi təklif etdim. Biz bu məkanı geniş mənada Avropa hesab etdiyimizdən, belə bir fikir yarandı və avropalı həmkarlarım razılaşdı", - Medvedyev deyib.

"Yəqin onlar üçün bizim Uzaq Şərqin necə olmasına baxmaq maraqlı olacaq. Ancaq ən əsası bu, onlara Rusiyanı daha yaxşı hiss etmək imkanı verəcək. Bu da münasibətlərimizin daha fundamental, daha aydın, daha anlaşılan olmasına yardım edəcək. Anlaşma məsələsi isə xarici siyasətdə həmişə gündəmdədir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti