...

"Hizbullah" Livanı ikinci İrana çevirməyəcək

Dünya xəbərləri Materials 3 İyun 2009 19:05 (UTC +04:00)

Livanın "Hizbullah" partiyasında ikinci şəxs olan Şeyx Nəim Qasım Associated Press-ə müsahibəsində bildirib ki, partiya İran kimi Livanda hökümət qurmağa cəhd etməyəcək.

O əlavə edib ki, "Hizbullah" iyunun 7-də parlament seçkilərində qələbə qazandığı halda o, qərbyönlü "14 mart" koalisiyanı hökumətə daxil olmaq üçün dəvət edəcək.  

Belə ki, əvvəlcədən Livanın parlament çoxluğunun lideri Saad Həriri bildirmişdi ki, əgər "Hizbullah"ın da daxil olduğu İranyönlü "8 mart" koalisiyası qalib gələrsə onun "Əl-Müstəqbəl" partiyası və "14 mart" koalisiyası hökumətə qoşulmayacaq.

"Hizbullah"ın, müttəfiqinin - Fələstinin HƏMAS hərəkatının Qəzza sektorunda güclənməsini nəzərə alaraq, seçkilərdə qalib gələcəyi və Livanı sərbəst şəkildə idarə edəcəyi halda, bu, beynəlxalq izolyasiyaya və İsrail ilə növbəti müharibəyə səbəb ola bilər.

"Hizbullah" kampaniyasına başçılıq edən Şeyx Qasım bildirib ki, iyunun 7-dən sonra Livanda başqa siyasi vəziyyət olacaq və "Hizbullah" milli koalisiya hökumətinin qurulması üzərində işləyəcək. "Bu uğur digər tərəflərdən də asılı olacaq", - deyə o bildirib.  

Bazar ertəsi partiyanın başçısı Şeyx Həsən Nəsrulla özünün seçkidən öncəsi çıxışında bildirib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazandığı təqdirdə partiya Livan ordusunun silahlandırılmasına başlayacaq. Bu barədə Ərəbistanın "Əş-Şərq Əl-Övsət" qəzeti xəbər verib.

Seçkilərdə əsas mübarizə parlamentdə çoxluğa malik olan qərbyönlü "14 mart" və Suriya və İranın dəstəklədiyi "Hizbullah"ın daxil olduğu "8 mart" müxalifət koalisiyası arasında aparılacaq.

Xəbər lenti

Xəbər lenti