Azərbaycan, Bakı, 1 avqust / Trend , müxbir İ. Xəlilova/
Azərbaycan Tarif Şurasının qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilən əmlak əməliyyatları üzrə yeni tariflər müəyyən olunub. Tariflər avqustun 3-dən tətbiq ediləcək. Bu barədə şənbə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
"Qəbul olunmuş baza tarifləri kvadrat metrə 0,40-60 manat arasında dəyişməklə 10 istiqamət üzrə göstərilən xidmətlərə şamil olunacaq", - nazirlikdən deyilib.
Tariflərin dəyişikliyi Dövlət Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumların fəaliyyətinin maliyyə əsaslarının təmin edilməsi məqsədilə təklif edilib. Ölkə prezidentinin 24 iyun 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş Dövlət Xidmətinin əsasnaməsində Dövlət Xidmətinin yerli qurumların fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyətləri müəyyən edilib.
Yeni tariflər daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla), hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması, daşınmaz əmlakın ünvanının təyin edilməsi və məlumatların verilməsi, daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi, daşınmaz əmlakın inventar dəyərinin hesablanması, təkrar texniki inventarlaşdırılması sahələrindəki xidmətlər üçün müəyyən edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]