Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə bas komissarı Haviyer Solana bazar günü Yaxın Şərqə səfərə başlayacaq. Dörd gün davam edəcək səfər Suriya, İsrail, Fələstin muxtariyyəti, Livan və Misiri əhatə edəcək, İtalya agentliyi AKİ məlumat verib.
Bazar günü Suriyada olacaq baş komissar Prezident Bəşşər əl-Əsədlə və xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşəcək, Solananın mətbuat xidməti xəbər verib.
Sonra Solana İsrailə yollanacaq. Burada o, Prezident Şimon Pereslə, Baş nazir Binyamin Netanyahu ilə və müxalifət lideri Sipi Livni ilə görüşəcək.
Solananın İsrailə səfəri Netanyahunun Londonda Böyük Britaniyanın Baş naziri Qordon Braun və Almaniya kansleri Angela Merkellə görüşündən sonraya təsadüf edir. Avropa liderləri İsraildən Qərb sahillərində yəhudi yaşayış məntəqələrinin inşasının dondurulmasını tələb ediblər. Çünki inşaat regionda sülhün bərqərar olmasına mane olur. Netanyahu doqquz ay ərzində yaşayış məntəqələrinin inşasının bitməsi planını təklif edib. Sentyabrda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell regiona səfər edəcək. O, Prezident Barak Obama administrasiyasının sülh prosesləri üzrə gələcək planları haqda məlumat verəcək.
Aİ-nin Yaxın Şərq kvartetində təmsilçisi Solana İsraillə danılşıqlar nəticəsiz olarsa, iki il ərzində müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyi haqda yazda bəyanat verib. Solana Ramallahda Fələstin muxtariyətinin nümayəndəsi və bu yaxınlarda Vaşinqtona səfər edən Misir Prezidenti Hüsnü Mübarəklə sülh proseslərini müzakirə edəcək.