Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ankara və Yerevan arasında imzalanan protokolun müzakirəsi üçün görüşəcək. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
Trend -un arayışı: Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankara və Yerevan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun müzakirəsi üçün Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş istəyib. Davudoğlunun Ankara-Yerevan protokolunu müzakirə etmək üçün ölkədəki siyasi partiya liderləri ilə görüşəcəyi bildirilir.
Müxalifət lideri ilə xarici işlər naziri arasında Ermənistanla imzalanan protokolun müzakirəsi üçün görüşün sentyabrın 15-də olacağı gözlənilir.
Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi konsultasiyalar"a başlanılması barədə razılaşma əldə olunub.Siyasi konsultasiyaların altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və iki ölkənin parlamentinə təsdiqlənməsi üçün təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir."Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Davudoğlu bildirib.Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.