Sentyabrın 15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər, AzərTac dövlət agentliyi məlumat yayıb.
Prezident mərasimdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş verib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlət başçısı, "Əsrin müqaviləsi"nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət sabitləşməyə başlayıb, xoşagəlməz halların qarşısı alınıb və ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoyub. "Əsrin müqaviləsi" ölkəmizin uzunmüddətli inkişafını sürətləndirib.
İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə çatdıran İlham Əliyev bildirib ki, konsorsiuma daxil olan dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlayıb, Xəzər dənizi beynəlxalq əməkdaşlığa açılıb. Bundan başqa, müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan verib.
Sənədin çox böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlət başçısı deyib ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycana böyük investisiya axını başlayıb. Bu investisiyalar Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan yaradıb. "Əsrin müqaviləsi" imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır.
Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan İlham Əliyev deyib ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olub. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artmış, Azərbaycan tranzit ölkəyə çevrilib. Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, ölkəmizin enerji resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir. Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, gələcəkdə bu rəqəmlər artacaqdır. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxmış, qlobal müstəviyə daxil olub. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olub. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik.
Prezidentı bildirib ki, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb, 2003-2008-ci illərdə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalıb, 800 minə yaxın yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enib.
Azərbaycanda şəffaflığın təmin olunduğunu qeyd edən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 1999-cu ildə yaradılan Dövlət Neft Fondu BMT-nin şəffaflıq mükafatına layiq görülüb. Ölkəmizdə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artmışdır. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir.
Çıxışının sonunda xalqımızı "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğulamışdır ki, qədim neft ölkəsi olan Azərbaycanda neftçilərin peşə bayramı da məhz "Əsrin müqaviləsi"nin imzalandığı gün - sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindən "Əsrin müqaviləsi"nə verilən qiymətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
"Əsrin müqaviləsi"nin imzalanması müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisədir - İlham Əliyev
Prezident mərasimdə çıxış edərək bildirib ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş verib. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlət başçısı, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb.