Türkiyə və Suriya regionda terrorizm əleyhinə mübarizədə sıx əməkdaşlıq edir və terror qruplaşmalarına münasibətdə eyni mövqeni paylaşırlar, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib, xəbəri Anadolu agentliyi yayıb.
"Biz bütün problemləri aradan qaldıraraq qonşularımız ilə əməkdaşlığı maksimum genişləndirmək niyyətindəyik", - Davudoğlu suriyalı həmkarı Valid əl-Müəllim ilə İstanbulda keçirilən birgə mətbuat konfransında qeyd edib.
Çərşənbə günü Türkiyəyə birgünlük səfər edən Suriya Prezidenti Bəşşər əl-Əsəd bildirib ki, Kürd İşçi Partiyasına daxil olan vətəndaşları Türkiyəyə qarşı silahlı mübarizədən imtina etdikləri təqdirdə qəbul etməyə hazırdır, Anadolu agentliyi xəbər verib.
KİP Türkiyənin şərqində müstəqil Kürdistan dövlətinin yaradılmasına çalışır.
Suriya Prezidentini səfər zamanı bu ölkənin xarici işlər naziri Valid əl-Müəllim müşayiət edib. Suriyanın və Türkiyənin xarici işlər nazirləri iki ölkə arasında əməkdaşlığın strateji inkişafına dair və viza rejiminin ləğv edilməsinə dair müqavilə imzalayıblar.