...

Azərbaycan ilə hesablaşmalıyıq - Türkiyənin müxalifət lideri (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 20 Oktyabr 2009 16:27 (UTC +04:00)
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal partiyanın keçirdiyi toplantıda Türkiyənin Azərbaycan ilə hesablaşmalı olduğunu bildirib.
Azərbaycan ilə hesablaşmalıyıq - Türkiyənin müxalifət lideri (ƏLAVƏ OLUNUB)

Red. əlav.: Son 2 abzas əlavə olunub.

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal partiyanın keçirdiyi toplantıda Türkiyənin Azərbaycan ilə hesablaşmalı olduğunu bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"Türkiyə Azərbaycan ilə hesablaşmalıdır", - Baykal deyib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Baykal həmçinin qeyd edib ki, onun partiyası Türkiyə hakimiyyətini Ermənistan ilə protokolları imzalamamağa çağırsa da, onların sözü ciddi qəbul edilməyib.

Onun sözlərinə görə, baş verən proses Azərbaycanı Türkiyədən uzaqlaşdırmağa xidmət edir.

"PKK terrorçuları təslim olan zaman öz bayraqları ilə sərhədi keçdilər, lakin təssüflər olsun ki, Azərbaycan bayraqları Türkiyə-Ermənistan futbol matçına buraxılmadı". - Baykal deyib.

"Hakimiyyətin gücü PKK-ya deyil, Azərbaycana çatır", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərində də acı səhnə yaşanmaqdadır. "Mənə elə bir ölkə göstərin ki, qardaşları müharibə yaşayarkən, öldürülərkən onlar düşmənin əlini sıxsınlar", - CHP lideri deyib.

Baykalın sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri Türkiyə hakimiyyətinin səhvinə qurban gedə bilməz.

Xəbər lenti

Xəbər lenti