...

İran Hindistanla iqtisadi əməkdaşlığı artıracaq – XİN sözçüsü

Dünya xəbərləri Materials 17 Noyabr 2009 12:17 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran Şərq ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
İran Hindistanla iqtisadi əməkdaşlığı artıracaq – XİN sözçüsü

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir T.Cəfərov/

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran Şərq ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

İran xarici işlər nazirinin xüsusi köməkçisi və XİN sözçücü Ramin Mehmanpərəst telefonla Dehlidən Trend -a bildirib ki, Rəsmi Tehran Hindistanla regional problemlərin həlli və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir və bu səbəbdən İranın XİN rəhbəri Mənuçöhr Müttəki Dehliyə səfər edib.

Mehmanpərəstin sözlərinə görə, Asiya ölkələrinin dünyadakı rolu artmaqdadır və bu ölkələr bir-birinin potensiallarından istifadə edib, daha da güclənməlidirlər.

İranın XİN rəhbəri Müttəki noyabrın 16-da Dehliyə ikigünlük səfər edib. Hindistanın XİN rəhbəri və Baş naziri ilə görüş keçirən Müttəki İRNA xəbər agentliyinə bildirib ki, İran və Hindistan arasında olan əməkdaşlıq artıq yeni mərhələyə keçib. Müttəki deyib ki, Hindistan "Sülh" qaz kəmərindən hələ imtina etməyib və bununla bağlı hələ də araşdırmalarını davam etdirir.

Mehmanpərəst bildirib ki, Hindistanın Baş naziri Man Muhan Sing yaxın günlərdə İrana səfər edəcək və iki ölkə arasında bir çox iqtisadi sənədlər imzalanacaq. İranın XİN sözçüsü konkret olaraq hansı sahədə sənədlərin imzalanması barədə ətraflı məlumat verməyib, lakin İranın Mehr xəbər agentliyinin məlumatına əsasən, İran "Cənub Pars" qaz yatağı layihəsinə Çin və Hindistan şirkətlərinin cəlb edilməsinə çalışır.

"Cənub Pras" İranın ən böyük qaz yatağıdır və ölkənin qaz ehtiyatlarının yarısı bu yataqda yerləşir. İran 10 ildən artıqdır ki, "Sülh" qaz kəməri vasitəsilə "Cənub Pars" qazının bir hissəsini Pakistan və Hindistana nəql etmək istəyir, lakin Rəsmi Dehli bu haqda konkret qərar qəbul etməyib.

Müttəkinin Hindistana sonuncu səfərindən 3 il keçir, həmin müddətdə rəsmi Dehlinin iki XİN rəhbəri İrana səfər edib. Müttəkinin hazırki səfəri hindistanlı həmkarlarının səfərlərinə cavab səfəridir.

Xəbər lenti

Xəbər lenti