İranın Xorasane Cənubi əyalətinin polis komandiri Həmid Şərəfi bildirib ki, polis əməkdaşları ilə narkotik qaçaqmalçıları arasında baş vermiş atışma zamanı 4 qaçaqmalçı ölüb, ikisi yaralanıb və 7 polis həlak olub. Bu barədə Trend İran Polisinin news.polis.ir rəsmi xəbər saytı məlumat yayıb.
Şərəfi qeyd edib ki, bu atışma nəticəsində narkotik qaçaqmalçılarından 2 ton narkotik maddə müsadirə olunub.
Onun sözlərinə görə, qaçaqmalçılar hadisə yerində bir neçə silah, avtomobil və motorsiklet qoyaraq qaçıblar.
Əfqanıstanın payına dünyanın tiryək istehsalının 93 faizi düşür. Əfqanıstanda istehsal olunan narkotik maddələrin çox hissəsi İran vasitəsilə digər ölkələrə daşınır. Hər il İranda xeyli sayda narkotik maddə müsadirə olunur. İran rəsmiləri narkotik maddələr qaçaqmalçılığının artmasına səbəb kimi Əfqanıstanda xaşxaşın əkilmə həcminin artmasını göstərirlər. İran son illərdə narkotiklərlə mübarizə üçün geniş şəkildə layihələr həyata keçirir. İran polisinin məlumatına əsasən, ötən illər ərzində 3600 polis narkotik qaçalmalçıları ilə mübarizədə həlak olub, 11 nəfərdən çox polis isə yaralanıb.