İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst ABŞ Silahlı Qüvvələrinin komandanı Devid Petreusun İranın nüvə obyektlərinə hücum planı barədə çıxışını "düşünülməmiş və məsuliyyətsiz" çıxış adlandırıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Şərqi Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionu üzrə rəhbəri general Devid Petreus CNN telekanalına müsahibəsində bildirib ki, İranın nüvə obyektlərinə hərbi hücum mümkündür və imkansız deyil. Petreus həmçinin bildirib ki, ölkəsi İranın nüvə proqramının qarşısını almaq üçün ehtiyat planlar da hazırlayıb.
"Petreusun söylədikləri düşünülməmişdir və yaxşı olardı ki, bu barədə hər hansı bir çıxış dağıdıcı deyil, yaradıcı ruhda olsun", - Mehmanpərəst deyib.