Yəmən şiə üsyançılarının rəhbəri Əbdülməlik Husi Səudiyyə Ərəbistanı ilə müharibənin dayandırıldığı və öz döyüşçülərinin Yəmənlə sərhəddəki krallıq ərazisindən çıxarıldığını elan edib. Bu barədə Ərəbistanın "əl-Ərəbiyyə" telekanalının internet saytı bildirib.
"Əl-Husi" qruplaşmasının döyüşçüləri qonşu Səudiyyə Ərəbistanı ərazisinə keçib və sərhəd zonasında öz baza şəbəkələrini, silah anbarı yaradıb, döyüş sursatı yerləşdirib. 2009-cu ilin noyabr ayında Yəmən qiyamçıları ilə Səudiyyə ordusu arasında silahlı qarşıdurma baş verib. RİA Novosti məlumat verir.
Səudiyyə ordusunun Yəmən sərhəddini "əl-Husi" qruplaşmasının döyüşçülərindən təmizləmə əməliyyatı nəticəsində onlar krallıq ərazisindən çıxarılıb. Lakin bu ərazidə arabir baş verən qarşıdurmalar bu günə qədər davam edir.
Yəmən qiyamçıları ilə qarşıdurmada həlak olan Səudiyyə ərəblərinin ümumi sayı 133 nəfərə çatıb.
"Husiçilər" adını almış Yəmən şiə üsyançılarının hərəkatı 2004-cü ildə ölkənin şimal-qərb əyalətlərində silahlı mübarizəyə başlayıb. Qiyamçılar bildirir ki, ölkə hakimiyyəti tərəfindən şiələrin sıxışdırılması və diskriminasiyasına qarşı müharibə aparmağa məcburdurlar. Yəmən hakimiyyəti də öz tərəfindən qiyamçıları hakim rejimi devirib öz rejimlərini qurmaq niyyətində olmaqda itiham edir.