İran bu gündən 120 və 130 mm-lik top və tank mərmilərinin istehsalına başlayıb. İranın müdafiə naziri Əhməd Vəhidi həmin mərmiləri istehsal edən zavodun açılış mərasimində jurnalistlərə bildirib ki, 130 mm-lik top mərmiləri Silahlı Qüvvələrdə ən çox istifadə olunan mərmilərdəndir və İran bu gündən bu mərmilərin daxildə istehsalına başlayıb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Vəhidi əlavə edib ki, 130 mm-lik top mərmilərinin yanacağı quru yanacaqdır və əsasən səhra toplarında istifadə olunur. "Bu mərmilərin daxildə istehsalına başlanması ilə mərminin hədəfi vurma məsafəsi də adi mərmilərlə müqayisədə 30 faiz artırılıb", - Vəhidi deyib.
Vəhidi 120 mm-lik (HESH) mərmiləri haqda deyib ki, bu mərmilər tank üçün nəzərdə tutulub və zirehli hədəfləri məhv edə bilir. "120 mm-lik tank mərmisinin gücü o qədərdir ki, zirehli texnikanın yaxınlığında da partlamış olsa, texnikaya xəsarət verə bilər və ekipajda başgicəllənməyə səbəb olar", - Vəhdi deyib.
Vəhidi əlavə edib ki, bu iki növ mərminin istehsal texnologiyası ancaq ABŞ və İngiltərədə var.