İran Prezidenti Mahmud Əhmədinejad aprelin 23-ü gecə saatlarında Uqandaya səfər edib. Məlumatı ILNA agentliyi yayıb.
Əhmədinejad Afrikaya üçgünlük səfəri çərçivəsində Uqandadan əvvəl Zimbabveyə gəlmişdi. Zimbabvedən Uqandaya səfər edən Əhmədinejad İranın nüvə proqramı ilə bağlı müzakirələr aparacaq.
Hazırda Uqanda BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdur.
ABŞ və bir sıra Qərb ölkələri İranı "sülh nüvə proqramı" adı altında nüvə silahı hazırlamaqda günahlandırır. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, nüvə proqramı ölkənin elektrik enerjisi tələbatının ödənilməsinə yönəldilib.
İndiyə kimi BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramının dayandırılması üçün beş qətnamə qəbul edib, onlardan üçü İrana qarşı iqtisadi sanksiyaları nəzərdə tutur.
Hazırda BMT TŞ-nin daimi üzvləri İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir.